Zirvə Beynəlxalq Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib, “Zirvə Astara”ya çempionluq kuboku təqdim edilib

Basketbol üzrə Azərbaycan Superliqasının 2019-2020-ci illər mövsümünün çempionu olan “Zirvə Astara” komandasına çempionluq kubokunun təqdimat mərasimi keçirilib. 27-ci mövsümboyu yarışların şəksiz lider və favoriti olan komandamız bu ilin aprel ayında Azərbaycan Basketbol Federasiyası tərəfindən qalib elan edilmişdi. Ancaq dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən ölkəmizdə elan edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq qızıl medallar və kubokun təqdimi qeyri-müəyyən müddətə təxirə salınmışdı. Sentyabrın 19-da çoxdan gözlənilən an yetişib.

Kubokun təqdimatından öncə “Zİrvə” Beynəlxalq İdman Klublarının növbəti qlobal layihəsi olan Zirvə Beynəlxalq Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib. Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev iştirak edib. O, qırmızı lenti kəsəndən sonra yaradılan şəraitlə tanış olub. “Zirvə Beynəlxalq İdman Klublarının prezidenti cənab Tofiq Heydərov Astara rayonu Qamışoba kəndində inşa edilən bu bazada görülən işlər,həyata keçiriləcək layihələr barədə məlumat verib. Bildirilib ki, bu bazada bir neçə idman növü üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Onların arasında basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika və digərlərini qeyd etmək olar. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış koteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, 100 nəfərlik açıq havada və qapalı restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar mənzərədə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcəkdir. Moldovadakı İvança qəsəbəsi, Türkiyədə Ankara şəhərində yerləşən “Altınpark-Akarsu”, Azərbaycanda Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İstirahət və İdman Kompleksindən sonra sayca 5-ci olan yeni beynəlxalq təlim-məşq bazası ilk olaraq “Astara Open 2020” basketbol turniri ilə yarışlara start verib.

İcra başçısı bu yarışın gedişatı ilə maraqlanıb. Daha sonra əsas mərasimə keçid edilib. Basketbol üzrə Azərbaycan Superliqasının ötən mövsümünün qalibi olan “Zirvə Astara” komandasına Azərbaycan Basketbol Federasiyasının çempionluq kuboku təqdim edilib. Bunu klubun təmsil etdiyi Astara raoyunun icra hakimiyyətinin başçısı edib. Qəzənfər Ağayev komandanın kapitanı, tanınmış və təcrübəli basketbolçu Zaur Paşayevə kuboku təqdim edib və ona uğurlar arzulayıb. Başçı bildirib ki, “Zirvə Astara” klubunun çempionluğu onu çox sevindirib. Ağayevin sözlərinə görə, bu əlamətdar hadisə rayondakı gənclər üçün xüsusi nümunə rolunu oynayıb, həm rayon, həm də ümumilikdə cənub regionunda idmanın inkişafına təkan verib. O, “Zirvə Astara”ya daha böyük qələbələr qazanmağı, Avropa arenasında uğurlar qazanaraq ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

ŞƏKİLLƏR

SHARE
Şərh yaz