“Zirvə” Beynəlxalq İdman Klubları bir sıra idman növləri üzrə fəalliyyətini genişləndirməkdə və intensivləşdirməkdə davam edir. Onların içərisində əsas yerlərdən birini də təbii ki, futbol tutur. Çox böyük populyarlığa malik olan bu idman növünə maraq böyükdür. Klubumuz burada da yeniyetmə və gənc nəslin inkişafına dəstək olmaq, yalnız paytaxtda deyil, regionlarda da futbola cəlbinə nail olmaq üçün çalışmalar aparır.
Uzun illərdir, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə Respublika birinciliklərinə qatılan komandalarımız mütəmadi uğurları ilə də diqqət çəkə bilib. Bu il də bu ənənə davam etdiriləcək. Əvvəlkindən fərqli olaraq bu dəfə yalnız cənub və paytax deyil, həm də mərkəz zonası da diqqətə alınacaq və ölkə üzrə ümumilikdə 11 komanda “Zirvə” bayrağı ilə yarışalra qatılacaq.
Şimal zonası üzrə Sumqayıtda U-9 “Xırdalan-Zirvə”, Paytaxt zonası üzrə Bakıda U-11 “Zirvə”, Cənub zonası üzrə Lənkəranda U-10, U-11, U-12, U-13 və U-14 “Lənkəran-Zirvə”, Mərkəz regionu Beyləqan zonası üzrə U-10, U-11, U-12 və U-13 “Xocavənd-Zirvə” komandaları yarışa qatılacaqlar.
Bunun sayəsində yüzlərlə uşaq arasında klubumuzun əsas komandaları formalaşdırılacaq, gələcəkdə daha böyük uğurlar qazanması yolunda imkanlar əldə ediləcəkdir. Gələn ilin mayında Astarada keçiriləcək 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında çıxış edəcək komandaların üzvləri də bu yarışlarda özünü ən yaxşı tərəfdən göstərənlər arasından seçiləcəkdir.
“Zirvə” Beynəlxalq İdman Klublarının rəhbərliyi futbolçularımızı yeni mövsümün başlanması münasibətilə təbrik edir, bütün qarşılaşmalarda uğurlar arzulayır!