“Zirvə” cüdoçularından beynəlxalq turnirdə böyük zəfər!

Yanvar ayının 19-20-si tarixlərində Türkiyənin Adana şəhərində 3-cü Beynəlxalq Adana Qurtuluş cüdo turniri keçirilib. Yarışda Azərbaycan, Türkiyə və Özbəkistandan olan çox sayda idmançı iştirak edərək medallar uğrunda mübarizə aparıb. Ölkəmizi bu mötəbər turnirdə Elməddin Əhmədovun rəhbərliyi altında “Zirvə” İdman Klubunun cüdoçuları təmsil ediblər. Həmişə olduğu kimi gözəl çıxış nümayiş etdirən “Zirvəçilər”, Vətənə çox sayda medalla qayıtmağı bacarıblar.

Cüdoçularımız iki yaş qrupunda yarışıblar. 2008-10-cu il təvəllüdlü oğlanların mübarizəsində “Zirvə” idmançıları 7 medal qazanıblar. Onlardan 3-ü qızıl, ikisi gümüş, ikisi isə bürünc medal olub. Fəxri kürsüyə qalxanlar arasında Vüqar Tağızadə (30 kq) və Üzeyir Zeynallı (26 kq) 3-cü, Ağahüseyn Atakiiyev (30 kq) və Riyad Rəhimov (38 kq) 2-ci yeri tutublar. Nəcəf Nəsrullayev (26 kq), İlkin Nuriyev (30 kq) və Ramil Xanbabayev (34 kq) isə bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüblər.

2005-07-ci il təvəllüdlü oğlanlar arasında isə komandamız 5 medal – 3 qızıl və 2 bürünclə fərqlənib. Xalid Məmmədov (42 kq) və Emil Xanbabayev (34 kq) bürünc, Nihad Sultanlı (38 kq), Səfər Quluzadə (42 kq) və Emin Həsənov (46 kq) isə möhtəşəm çıxış edərək adını yarışın qalibləri arasına yazdırmağı bacarıblar.

Qızların yarışında isə Nuray Quliyeva qızıl medal əldə edib. O, 52 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.

Beləliklə, “Zirvə” komandası beynəlxalq yarışda ümumilikdə 13 medal qazanıb. Bu nəticə ilə klubumuz komanda hesabında turnirdə yüksək 2-ci yeri tutmağı bacarıb.

Bu gözəl qələbələr, əldə olunan uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini təbrik edirik. “Zirvə” adının yüksəklərə qalxmasında əməyi olan hr kəsə təşəkkür edir, qarşıdakı bütün yarışlarda da uğur qazanmalarını arzulayırıq!

SHARE
Şərh yaz