12-14 iyul tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışa 73 klub, cəmiyyət və idman təşkilatından 311 idmançı qatılıb. Onların içərisində “Zirvə” təmsilçiləri də olub.
Çempionat Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. 3 gün davam edən yarışda 14 çəki dərəcəsində medalçılar məlum olub. Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə möhtəşəm çıxış edərək “Zirvə Abşeron” İdman Klubu layiq görülüb.
“Zirvə” cüdoçuları 3 qızıl medal qazanıblar. “İsmayıllı-Zirvə” təmsilçisi Aytəkin Paşazadə 78 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Abşeron-Zirvə” nümayəndələri isə daha yaxşı çıxış edərək klubumuzun tarixi nailiyyətlərindən birinə imza atıblar. Təcrübəli mütəxəssislər Elməddin və Hətəm Əhmədovların rəhbərliyi altında Nuray Quliyeva 57 kq, Leyla Hüseynova isə 63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar. Bu nəticə ilə “Abeşron-Zirvə” komanda hesabında Azərbaycan 3-cüsü olmağı bacarıq. Gözəl, möhtəşəm nəticədir!
Cüdoçularımızı təbrik edir, səsinin daima zirvələrdən gəlməsini arzulayırıq!