Zirvə gimnastlarından daha bir uğur!

“Zirvə”çi bədii gimnastlarımız uğurlu çıxışlarını davam etdirirlər. Azərbaycan çempionatındakı gözəl nəticələrdən sonra komandamız Mingəçevir şəhərində təşkil olunan 18 oktyabr Müstəqillik Gününə həsr olunan “Gold Fish” açıq Respublika turnirində iştirak edərək qələbələr qazanıblar.
Ölkənin əksər regionlarından olan klub və cəmiyyətləri təmsil edən çox sayda idmançının qatıldığı yarış maraqlı mübarizə şəraitində keçib. Gözlənildiyi kimi, baş məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında qızlarımız medallar əldə edərək fəxri kürsüdə yer almağı bacarıblar.
2013-cü təvəllüdlü qızların yarışında C kateqoriyasında Sara Atakişiyeva 10,90 xalla gümüş, 2011-ci il təvəllüdlü qızların yarışında B kateqoriyasında Röya Alıkişiyeva 11,35 xalla qızıl, C kateqoriyasında Mədinə Əliyeva 10,10 xalla bürünc, 2009-cu il təvəllüdlü qızların Bölgələrarası yarışında B kateqoriyasında Leyla Əliyeva 9,50 xalla gümüş medal qazanıb. 2010-cu il təvəllüdlü qızların yarışında B kateqoriyasında Nigar Sultanlı 5-ci yeri tutub.
Daha bir uğur isə qrup yarışlarında əldə edilib. Gözəl kompozisiya ilə tamaşaçıların zövqünü oxşayan “Zirvə” komandası bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nuray Quliyeva, Dəniz Əsgərova, Leyla Əliyeva, Sevil Hüseynli və Röya Alıkişiyevadan ibarət komandamız 11,00 xalla zirvədəki yerini alıb!
Komandamızın bütün üzvləri, məşqçi və bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, bundan sonrakı yarışlarda da bizi sevindirərək ən böyük uğurlara imza atmalarını diləyirik!
Təbriklər!

SHARE
Şərh yaz