19-22 aprel tarixlərində sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilir. Yeniyetmələrin ölkə birinciliyi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, 3 illik fasilədən sonra baş tutur. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq çempionatın keçirilməsində məqsəd güləşin təbliği, bu idman növündə kütləviliyə nail olmaq və qarşıdan gələn mühüm beynəlxalq yarışlar ərəfəsində müvafiq milli komandaların heyətinin yenidən formalaşdırılmasıdır. Beynəlxalq və milli dərəcəli hakimlərin idarə etdiyi yarışın medalçıları U-17 yaş qrupu üzrə yığma komandaların heyətinə cəlb olunacaq.
Bu yarışda “Zirvə” təmsilçisi də iştirak edib. “Abşeron-Zirvə” güləşçisi Büsat Rəsulov gənc mütəxəssis Elvin Aslanovun rəhbərliyi altında 45 kq çəki dərəcəsində çıxış edib. O, uğurla yarışaraq bürünc medal qazanıb.
Qeyd etmək lazımdır ki, bu medal sərbəst güləşdə qazanılıb. Bu da təqdirəlayiq haldır. Çünki klubumuzda bu növ qısa müddətdir açılıb və buna baxmayaraq, tez bir zamanda belə bir uğur qazanılıb.
Təbrik edir, uğurların davamlı olmasını, idmançılarımızın səsinin daima zirvələrdən gəlməsini arzulayırıq!