İdman jurnalistlərindən ibarət “Bakı-2015” futbol komandası Moldovadan olan həmkarları ilə yoldaşlıq görüşü keçirib. I Avropa Oyunlarına həsr olunmuş matç Kişinyovun “Zimbru” stadionunda baş tutub.
Oyundan əvvəl Moldova Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova iştirakçılar qarşısında çıxış edərək bu səpkili dostluq, yoldaşlıq oyunlarının müsbət tərəflərindən, eyni zamanda, Bakı-2015 I Avropa Oyunlarının bütün Avropa miqyasında əhəmiyyətindən bəhs edib.
“Bakı-2015” komandasının heyətində Mahir Rüstəmli, İxtiyar Əsgərov, Erkin İbrahimov, İman Məcidov, İlkin Fikrətoğlu, Gündüz Abbaszadə, Emin Abbasov və Elnur Əşrəfoğlu kimi yazılı mətbuatda və teleməkanda kifayət qədər tanınmış jurnalistlər çıxış ediblər.
Matçın ilk hissəsi ev sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə özündə güc tapan təmsilçimiz vurulan iki qolun əvəzini çıxmağı bacarsa da, gücü bundan artığına çatmayıb.
Vacib məqam odur ki, dostluq qarşılaşması “Zirvə” İdman Klubunun rəhbəri Tofiq Heydərovun birbaşa dəstəyi ilə təşkil olunub. Olimpiya hərəkatının və idmanın inkişafında xidmətlərinə görə, Tofiq Heydərova Moldova Olimpiya Komitəsinin və Moldova Jurnalistlər Birliyinin fəxri diplomu təqdim olunub.
Xatırladaq ki, azərbaycanlı jurnalistlərdən ibarət futbol komandası keçən ilin iyun ayında ilk dəfə mətbuat işçiləri arasında Avropa çempionatında iştirak etmiş və ikinci yeri tutmuşdu.