“Zirvə” İSC atletləri dünya çempionatında 7 kiçik və 2 böyük medalla fərqləndilər!

28 noyabr – 5 dekabr tarixlərində ABŞ-ın Anahaym şəhərində ağır atletika üzrə dünya çempionat keçirilib. 70-dən çox ölkədən 315 atletin (139 qadın və 176 kişi) iştirak etdiyi mötəbər yarış bir çox maraqlı məqamlarla yadda qalıb. Körpücük üzərinə çıxanlar arasında “Zirvə” İnternational Sport Clubs-ın da təmsilçiləri olub. Dünya ağır atletikasının liderlərindən biri olan klubumuzu bu dəfə də böyüklüyünü təsdiqləyə bilib.
Qadınlarda 63 kq çəki dərəcəsində “Smolyan-Zirvə” təmsilçisi Qalya Şatova qüvvəsini sınayıb. Cəmi 16 yaşı olan atlet toplam 196 kq (88+108) nəticə ilə 16-cı yeri tutub. Yaşını nəzərə alsaq, çox yaxşı çıxışdır.


90 kq çəki dərəcəsində isə “Tbilisi-Zirvə”dən Anastasiya Qotfrid möhtəşəm uğur qazanıb. Dünya qadın ağır atletikasının yüksələn ulduzu olan ukraynaəsilli tmsilçimiz bütün rəqiblərini üstələyərək çempion olub. Toplam 265 kq (120+145) nəticə ilə Anastasiya böyük fərqlə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Kişilərdə 77 kq çəki dərəcəsində “Kişinyov-Zirvə” təmsilçisi Dumitru Katpari yarışıb. Rumıniya bayrağı altında çıxış edən atletimiz birdən qaldırma hərəkətində 156 kq nəticə ilə bürünc medala sahib çıxıb. Təkanla qaldırmada uğursuzluqla üzləşən Kaptari hər üç yanaşmasında ştanqı ram edə bilməyib və bu hərəkəti nəticəsiz başa vurub.


+105 kq çəki dərəcəsində isə bizi çox sevindirən uğur qeydə alınıb. “Ərdəbil-Zirvə” təmsilçisi, hamımızın sevimlisi Səid Əlihüseyni dünya çempionatının gümüş medalına sahib çıxıb. Birdən qaldırmada 203 kü kq-la bürünc, təkanla qaldırmada 251 kq-la gümüş və toplam 454 kq nəticə ilə yekunda da gümüşə sahib çıxan Səidin bu uğuru klubumuza böyük sevinc bəxş edib. Çünki haqsızlıqla üzləşərək uzun müddət dünya ağır atletikasından uzaq qalan, ancaq təslim olmayan, mübarizəsini sona qədər aparan Əlihüseyninin bu qələbəsində “Zirvə”nin rolu az olmayıb.


Beləliklə, “Zirvə” İnternational Sport Clubs dünya çempionatını toplam 7 kiçik (3 qızıl, 2 gümüş, 2 bürünc) və 2 böyük (1 qızıl və 1 gümüş) medalla başa vurub. Hər şeyə, bütün problem və çətinliklərə rəğmən “Zirvə” yenə də zirvədədir!
Atletlərimizi, onların qələbəsində rolu olan hər kəsi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

 

SHARE
Şərh yaz