1-3 noyabr tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) 11-ci dünya çempionatı keçirilib. Turnirdə 30-dək ölkədən 2500-dən artıq karateçinin iştirak edib. Karatenin şobu ippon, şobu sanbon və WKF kumitesi üzrə keçirilən çempionatda Azərbaycan idmançıları da çıxış ediblər. Ölkə klublarını təmsil edən müxtəlif yaşlı 116 idmançımız ayrı-ayrı kateqoriyalarda 72 qızıl, 53 gümüş və 77 bürünc medal qazanaraq 30 ölkə arasında ümumi nəticədə birinci yeri tutublar.
Sevindiricidir ki, medalçılar arasında “Zirvə” Beynəlxalq İdman Klublarının təmsilçiləri də olub. Karateçilərimiz 8 çəki dərəcəsində tatami üzərinə çıxaraq uğur qazanıblar. “Zirvəçilər” 5 qızıl və 3 gümüş medalla fərqləniblər.
Onlardan 6-7 yaşlı karateçilər arasında +30 kq çəki dərəcəsində Rafael Yusifov, 8-9 yaşlılar arasında +40 kq-da Şamo Kamilov, 12-13 yaşlılar arsında milli komandanın heyətində komanda dyüşlərində Xudaş Ağayev, yaşı 18-dən yuxarı karateçilər arasında 75 kq-da Samir İbrahimov qızıl, eyni yaş qrupunda 67 kq-da Mirəli Məmmədli, 12-13 yaşlılarda 50 kq-da Hüseyn Hüseynov və 56 kq-da Xudaş Ağayev gümüş medal qazanıblar.
Bununla yanaşı, “Zirvə Beynəlxalq İdman Klubları”nın karate yığmasının baş məşqçisi, gənc və təcrübəli mütəxəssis Rüstəm Əkbərov da yarışa məşqçiliklə yanaşı, həm də bir idmançı kimi qatılıb. Gözlənildiyi kimi, idmançımız böyüklər arasında açıq çempionatda bütün rəqiblərinə qalib gələrək çempion olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb!
Böyük uğura imza atan komandamızın bütün üzvlərini təbrik edir, onlara gələcəkdəki yarışlarda da uğurlar arzulayırıq!