“Zirvə” və AAAF Holdinq yenə “Zəfər” qazandı!

Yanvar ayının 25-də “JW Marriott – Abşeron” otelində Gənclər və İdman Nazirliyi və “Sportsman” jurnalının birgə təşkil etdiyi və 2018-ci ilin yekunlarına həsr olunan qala-gecə keçirilib. Tədbirdə nüfuzlu “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb. Ölkə idmanının tanınmış simaları, keçmişin və bu günün çempion və qalibləri, böyük idman xadimləri, müxtəlif qonaqların da iştirak etdiyi mərasimdə “Zirvə” Beynəlxalq İdman Klubları “İlin idman klubu” adına layiq görülüb, AAAF Holdinqə isə “Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə” xüsusi Fəxri Fərman təqdim edilib.

AAAF Holdinq şirkətinin planetar layihəsi, yarım əsrlik tarixi olan və 2006-cı il noyabrın 26-dan “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayan “Zirvə” Beynəlxalq İdman Klubları dünyanın ən böyük ağır atletika klublarından biridir. Bu klublar birliyi Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərir. Yalnız yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basan klubun məqsədi bütün Olimpiya idman növləri üzrə yerli idmançılar üçün ən yaxşı şəraiti yaratmaq və yarışlarda Azərbaycan bayrağını daim zirvələrdə dalğalandırmağa nail olmaqdır. “Zirvə” idmançıları hər il daxili və beynəlxalq yarışlarda onlarla medal qazanaraq zirvələri fəth edirlər. Klubun təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur.

“İlin klubu” seçilən “Zirvə” adından “Zəfər” mükafatını klubun vitse-prezidenti Ruslan Xanverdiyev qəbul edib. Ona bu yüksək mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev təqdim edib. Xanverdiyev klubumuzun gördüyü işlərin bu cür qiymətləndirilməsi və göstərilən etimada görə təşəkkür edib.

Daha sonra yüksək “Zəfər” mükafatı AAAF Holdinq şirkətinə təqdim edilib. Şirkət adından mükafatı İdarə Heyətinin sədri Rəşad Əliyev qəbul edib. Ona “Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə” mükafatını Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov təqdim edib.

İdarə Heyətinin sədri nitq söyləyərək AAAF Holdinqin əsas məqsələrindən birinin Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, idmançılarımızın beynəlxalq arenalarda qələbələr qazanmasını təmin etmək olduğunu deyib. Əliyev bildirib ki, şirkət olaraq daima atletlərin yanındadırlar və bu proses bundan sonra da davam edəcəkdir. AAAF Holdinqin bu işləri görməkdən qürur duyduğunu deyən natiq, hər kəsə təşəkkür edib, bu mükafatın gələcək fəaliyyətimiz üçün böyük stimul rolunu oynayacağını əlavə edib.

Azərbaycanın tikinti sektorunda özünəməxsus yeri olan AAAF Holdinq idman obyektlərinin inşasında böyük uğurlar əldə edib. Holdinq Beynəlxalq və Azərbaycan Ağır Atletika Federasiyalarının tərəfdaşıdır. Şirkət qısa müddət ərzində istər paytaxtda, istərsə də regionlarda 30-a yaxın ağır atletika kompleksinin inşası və bərpasında iştirak edib. Azərbaycanda Xırdalan və Astara, Moldovada Kişinyovda salınan AAAF Park layihələri ilə məşhur olan AAAF Holdinq, inşaat, turizm, xidmət, təhsil, qida, media, əyləncə və idman sahələrində ixtisaslaşmış, sponsorluq və maliyyə yatırımı ilə fərqlənərək, bir sıra nailiyyətlər əldə edə bilib.

Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyən edilib, mükafatlar, hədiyyələr təqdim edilib. Tanınmış müğənnilərin ifası və rəqslərlə müşayiət olunan qala-gecə “Sportsman” jurnalının 15 illik yubileyi üçün hazırlanan xüsusi tortun kəsilməsi ilə başa çatıb.

“Zirvə” və AAAF Holdinq yenə “Zəfər” qazandı!

Posted by Zirvə İdman Klubu on Friday, February 1, 2019

SHARE
Şərh yaz