Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku davam edir. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində 05-08 iyul tarixləri arasında keçiriləcən yarışda 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıran güclərini sınayır. Azərbaycanı təmsil edən idmançılar arasında “Zirvə”çilər də vardır ki, onlar da böyük uğurla çıxış edirlər.
Təcrübəli veteran atlet Akif Alıyev möhtəşəm çıxış edərək birdən-birə 4 dünya rekordunu yeniləyib. Onun çıxışı böyük alqışlarla qarşılanıb. “Zirvə” İdman Klubunun nümayəndəsi olan Akif Alıyev – SSRİ İdman Ustası, VII Ümumdünya Oyunlarının qalibi, 4 qat Dünya (2007, 2009, 2010, 2011) 6 qat Avropa çempionu (2007, 2009, 2010, 2011, 2012, 2013), Ustalar arasında Ümumdünya Oyunlarında (2009) 7 dəfə, Dünya çempionatlarında isə 6 dəfə rekordların müəllifi – çəki dərəcəsi – 56 kq, yaş qrupu – 50-54 (M-4), Dünya və Avropa rekordçusudur.
M55 yaş qrupunda 56 kq çəki dərəcəsində yarışan idmançımız əvvəlcə birdən qaldırmada 76 kq-lıq ştanqı qaldıraraq 4 ildir yenilənməyən dünya rekordunu təzələyib. Təkanla qaldırmada ilk olaraq 85 kq-ı qaldıran Alıyev toplamda 161 kq nəticə göstərib ki, bu da onun çəkisində məhz toplamda dünya rekordu idi. Bununla kifayətlənməyən veteran atletimiz, təkanla qaldırmada 91 kq sifariş verib və onu da qaldırıb. Bu isə bu hərəkətdə 7 ildir yenilənməyən dünya rekordunun təzələnməsi demək idi. Cəmi 167 kq-lıq nəticə isə toplamdakı dünya rekordunun bir daha yenilənməsi idi. Fantastik çıxışdır.
Akıif Alıyevi təbrik edir, ona gələcəkdə də uğurlarının davam etməsini arzulayırıq.