30-31 may tarixlərində Sərhədçi İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb. Onların içərisində “Zirvə” İdman Klubunun nümayəndələri də olub. Paytaxt birinciliyində qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq, 73 kq, 81 kq, 80 kq, 100 kq və +100 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparıblar.
Yarışda “Zirvəçi” qızlarımızdan ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq bizləri sevindirib. 57 kq çəki dərəcəsində “İsmayıllı-Zirvə” təmsilçisi Zəhra Mehdiyeva qızıl medala sahib çıxıb. 70 kq çəki dərəcəsində isə “Abşeron-Zirvə” cüdoçusu Günel Həsənli çempion adını qazanıb.
İki gün davam edən paytaxt birinciliyində qalib idmançılar medal və diplomlarla mükafatlandırlıb. Fəxri kürsünün yüksək pillələrinə qalxan cüdoçulara mükafatları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri təqdim edib.
Cüdoçularımız, onların məşqçilərini qələbələri münasibətilə təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmalarını arzulayırıq!