“Zirvə”çilər 2012-ci ildə 46 beynəlxalq medal qazanıb!

 

Möhtəşəm nəticə başqalarına nümunə olmalıdır

2012-ci il artıq arxada qalır. Bizim üçün əlamətdar hadisələrlə dolu olan bu Əjdaha ilində, “Zirvə” İdman Klubunun yetirmələri özlərini ən yaxşı tərəfdən göstərə biliblər. Müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 46 medal qazanan komandamızın üzvləri, həm peşəkar, həm də veteran idmançıların turnirlərində hamıdan irəlidə olmağı bacarıblar. Gəlin, 2012-ci ilə, bu il qazandığımız uğurlara nəzər salaq.

İlin ilk yarışı Səudiyyə Ərəbistanının Dammam şəhərində keçirildi. Burada 28 yanvar – 2 fevral tarixlərində İslam Həmrəylik Çempionatında iki “Zirvə”çi iştirak etdi. Gənc Paşa İbrahimli 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazandı.

Firudin Quliyev isə cəmi dörd yanaşma ilə birdən qaldırmada gümüş, təkanla qaldırma və toplamda 286 kq ilə 1-ci pilləyə sahib çıxaraq birdən-birə üç medal – iki qızıl və bir gümüş qazandı.

7-18 may tarixlərində Qvatemalanın Antiqua şəhərində gənclər arasında dünya birinciliyi keçirildi. Bu yarışda Firudin Quliyev 69 kq-da mübarizə apardı. O, yaşının rəqiblərindən xeyli az olmasına baxmayaraq, mübarizədən çəkinmədi. Firudin təkanla qaldırma hərəkətində 176 kq-la ikinci yeri tutaraq böyük uğurla gümüş medal qazandı.

Lənkəran Şəhər İdman Olimpiya Kompleksində 2-9 iyun tarixləri arasında Usta Ağır Atletlər arasında 22-ci kişilər və 20-ci qadınlar Avropa çempionatı keçirildi. Milli komandamızın şərəfini qoruyanlar arasında “Zirvə” İK-nın təmsilçiləri də vardı. Azərbaycan bayrağını zirvələrə qaldırmağı bacaran usta atletlərimiz tam 18 medal qazanaraq, möhtəşəm nəticəyə imza atdılar. Yaşlarına baxmayaraq, hələ də idmançı ruhunun qaldığını sübut edən veteranlar, gənclərə nümunə olmağı bacardılar.

Avqustun 27-dən sentyabrın 1-dək Rumınıyanın Buxarest şəhərində ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi keçirildi. Valeh Baxşalızadə (50 kq) və Elxan Əliqulizadənin (69 kq) çıxışı xüsusilə yaddaqalan oldu.
Valeh toplamda 204 kq (88 kq + 116 kq) nəticə göstərərək ən yaxın izləyicisi olan rusiyalı atleti 5 kq qabaqlayıb, Avropa çempionu oldu! Gənc atletimiz qızıl medalla yanaşı, yeniyetmələr arasında təkanla qaldırmada Avropa rekordunu da yenilədi. O, rusiyalı Pavel Suxanovun 115 kq-lıq nəticəsini ikinci yanaşmasında 116 kq-ı ram edərək, tarixin yaddaşına köçürdü. Maraqlıdır ki, İdmançımız üçüncü yanaşmasında sifariş verdiyi 120 kq-ı da qaldıra bilsəydi, həm bu, həm də toplamda rekordu (207 kq) da yeniləyə biləcəkdi.


Daha sonra körpücük üzərinə Elxan Əliquluzadə çıxdı. Valehin uğurunun davamını gətirən “Zirvə”çi, yaxşı mübarizə apararaq ümumi sıralamada bürünc medala sahib çıxdı. Təkanla qaldırmada 16 yaşlı atletimiz 160 kq-ın öhdəsindən gələrək gümüş medal qazandı.

Sentyabrın 16-dan 23-dək Slovakiyanın Koşitse şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Dünya birinciliyi keçirildi. Bu turnir “Zirvə”çi Azər Məmmədlinin (+ 94 kq) triumfal çıxışıyla yadda qaldı. Müstəqil Azərbaycan Respublikasının Ağır Atletika tarixində indiyə qədər görünməmiş nəticəyə imza atan Azər, toplamda 336 kq (148 kq + 188 kq) nəticə ilə yeniyetmələr arasında dünya çempionatının gümüş medalçısı oldu! “Zirvə” İdman Klubundakı keçdiyi hazırlıq və qazandığı təcrübə, ona bu yarışda zirvələri fəth etmək imkanı yaratmışdı.

Sentyabrın 15-22-si aralığında isə Ukraynanın Lvov şəhərində 28-ci kişi və 19-cu qadın veteran ağır atletlər arasında Dünya çempionatı keçirildi. Burada iki veteran idmançımız – Zəfər Tağıyev və Emil Əliyev hərəyə toplamda 1, cəmi isə 6 medal qazandılar.

Noyabrın 29-dan dekabrın 9-dək İsrailin Eylat şəhərində ağır atletika üzrə yaşı 20 və 23-ə qədər olan atletlər arasında Avropa Birinciliyində də Firudin Quliyev fərqləndi. O, 69 kq çəki dərəcəsində qüvvəsini sınadı və Avropa çempionu adını qazandı.


“Zirvə” İdman Klubunun yetirməsi olan Firudin, təkanla qaldırma həkərətində möhtəşəm çıxış edərək qızıl medal qazandı. Toplamda 316 kq (136 kq + 180 kq) nəticə göstərən Quliyev, ən yaxın izləyicisini 2 kq qabaqlayaraq, Avropa çempionu oldu!

İlin son beynəlxalq yarışına da “Zirvə”çilər damğa vurdu. Dekabrın 14-15-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Grand Prix – Bakı Beynəlxalq Kuboku keçirildi. Yenə də gənc superatletimiz Firudin Quliyev və iki illik fasilədən sonra körpücüyə qayıdan Zülfüqar Süleymanov əla çıxış edərək, klubumuzun şəfərini layiqincə qorudular.
69 kq-da idmansevərlər möhtəşəm mübarizə izlədilər. Qızl medal uğrundakı döyüş, azərbaycanlı atlet Firudin Quliyevin qələbəsiylə yekunlaşdı. 18 yaşlı ağırlıqqaldıranımız toplamda 330 kq (140 kq + 190 kq) nəticə göstərərək qələbə qazandı. Gümüş medala sahib çıxan rusiyalı dünya çempionu Oleq Çen də eyni çəkini (155 kq + 175 kq) qaldırdı. Ancaq Firudinin şəxsi çəkisi rəqibindən az olduğundan qızıl medallar məhz ona qismət oldu.

Qeyd etmək lazımdır ki, Firudin Quliyevin əldə etdiyi nəticə onun üçün asan olmadı. Belə ki, Oleq Çen birdən qaldırmada idmançımızdan 15 kq artıq çəkini qaldırdığından, Firudin eyni işi təkanla qaldırmada etməliydi ki, toplamda çempion ola bilsin. Çen təkanla qaldırmanı 175 kq-la başa vurduğundan, Firudin 190 kq-ın öhdəsindən gəlməliydi. Bu isə çinli Hui Liaoya məxsus gənclər arasında dünya rekordunun təkrarlanması demək idi. “Zirvə” İdman Klubunun yetirməsi olan Firudin Quliyev məharətlə ştanqı başı üzərinə qaldırdı və “Bakı Beynəlxalq Kuboku”na gözəl sonluq verdi.
Bir gün əvvəl isə təcrübəli Zülfüqar Süleymanov medal qazandı. O, 62 kq çəki dərəcəsində mübarizə apararaq, üçüncü yeri tutdu. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək toplamda 280 kq-la (122 kq + 158 kq) bürünc medallara sahib çıxdı.

“Zirvə” İdman Klubunun ağır atletikanın inkişafına verdiyi töhfə göz qabağındadır. Bütün yaş qrupları üzrə milli komandalarımızın liderləri, aparıcı üzvləri məhz bizim yetirmələrimizdir. Prezidentimiz Tofiq Heydərovun verdiyi dəstək və göstərdiyi qayğının nəticəsi məhz belə də olmalı idi. Hamımız belə bir rəhbər üçün çalışmağı özümüzə fəxr bilir, onun çəkdiyi əziyyəti yerə vurmamaq üçün əlimizdən gələni etməliyik. İdmançılarımız 2012-ci ildə bu işin öhdəsindən gəldilər. Ağır atletikada nəinki Azərbaycan, beynəlxalq səviyyə də gücünü göstərən “Zirvə”çilər, gələcəyimizin parlaq olduğunu hamıya nümayiş etdirdilər.

İl ərzində çəkdikləri əziyyətə görə, həmçinin klubumuzun baş məşqçisi Hafiz Süleymanov, klubumuzun sədri Azad Mustafayev, eləcə də digər məşqçilər, uğurlarımızda rolu olan hər bir kəsə təşəkkür edir, onların hamısını can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayırıq.

Yeni ildə uğurların davamı gəlsin!

 

“Zirvə” İdman Klubunun 2012-ci ildə qazandığı medallar:

Peşəkarlar

İslam Həmrəylik Çempionatı. Səudiyyə Ərəbistanı. Dammam şəhəri – 6 medal.
Dünya çempionatı. Gənclər. Qvatemala. Antiqua şəhəri – 1 medal.
Avropa çempionatı. Yeniyetmələr. Rumıniya. Buxarest şəhəri – 5 medal.
Dünya çempionatı. Yeniyetmələr. Slovakiya. Koşitse şəhəri – 3 medal.
Avropa çempionatı. 20-23 yaş. İsrail. Eylat şəhəri – 2 medal.
IWF Grand Prix – Bakı Beynəlxalq Kuboku – 5 medal.

Veteranlar

Avropa çempionatı. Azərbaycan. Lənkəran şəhəri – 18 medal.
Dünya çempionatı. Ukrayna. Lvov şəhəri – 6 medal.

SHARE
Şərh yaz