“Zirvəçilər”dən cüdo üzrə Azərbaycan birinciliyində uğur!

Dünən Sərhədçi İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır. İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq.
Həmişə olduğu kimi, medallar uğrunda mübarizə aparanlar sırasında “Zirvə” cüdoçuları da var. Xüsusilə də qızlarımızın çıxışı bizi sevindirir. Belə ki, ilk yarış günündə onlar 3 bürünc və 1 gümüş medal əldə edərək klubumuzun adını layiqincə təmsil etməyi bacarıblar.
“İsmayıllı-Zirvə” cüdoçularından 52 kq çəki dərəcəsində Zəhra Mehdiyeva, 57 kq-da isə Şəfiqə Məmmədova bürünc medal qazanıb. “Abşeron-Zirvə”dən isə 63 kq-da Leyla Hüseynova bürünc, 70 kq-da isə Həsənli Günel gümüş medala sahib çıxıblar.
Bu uğurlu çıxış münasibətilə idmançılarımız, həmçinin qələbədə əməyi olan məşqçilərimizi təbrik edir, onlara qarşıdakı yarışlarda da qələbələr arzulayırıq!

SHARE
Şərh yaz