Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinə start verilib. Azərbaycan milli komandasından bu gün yarşı 15-ə qədər olan üç atlet körpücük üzərinə çıxıb. Əvvəlcə, Məlikzadə Ümid 45 kq çəki dərəcəsində 5-ci yeri tutub. Daha sonra 50 kq çəki dərəcəsində iki idmançımız – İsa Rüstəmov və Ruslan Rzazadə qüvvəsini sınayıb.
Rüstəmov İsa birdən qaldırma hərəkətində əvvəlcə 68, sonra 73 kq çəkini ram edib. Ancaq üçüncü yanaşmada 76 kq-ı başı üzərinə qaldıra bilməyib. Təkanla qaldırma hərəkətində isə gənc atletimiz yalnız ilk yanaşmasını uğurlu edib. O, 85 kq-ı qaldıra bilib. Sonra sifariş verdiyi 90 kq-ı isə növbəti iki cəhddə qaldıra bilməyib. Belədə, toplamda 158 kq (73 kq + 85 kq) nəticə göstərən İsa, Avropa birincliyinin ümumi sıralamasında 8-ci yeri tutub.
Rzazadə Ruslan isə daha yaxşı çıxış edib. Atletimizi medaldan cəmi iki kiloqram ayırıb. Rzazadə birdən qaldırma hərəkətinə 75 kq-la başlayıb və onu rahatlıqla başı üzərinə qaldırıb. Ancaq sonra sifariş verdiyi 80 kq-ı yalnız iki yanaşmada ram edə bilib.
Təkanla qaldırma hərəkətində Ruslan əvvəlcə 95 kq, sonra isə 98 kq-lıq ştanqı məharətlə qaldıraraq iddiasını ortaya qoyub. Ancaq 3-cü yanaşmada 101 kq-lıq sədd keçilməz olub. Rzazadə ştanqı başı üzərinə qaldırsa da, hakimlər bunu saymayıb.
Beləliklə, toplamda 178 kq (80 kq + 98 kq) nəticə göstərən Rzazadə Ruslan Avropa birinciliyində 5-ci yeri tutub. Təəssüflü məqam odur ki, atletimizi bürünc medaldan cəmi 2, gümüş medaldan isə 3 kq ayırıb. Sonuncu yanaşması uğurlu olsaydı, Rzazadə Avropanın gümüş medalçısı ola bilərdi.
Ancaq üzülməyə dəyməz. Bu yaşda Avropa 5-cisi olmaq özü də uğurdur. Nədənsə başlamaq lazımdır. Həm Ruslan, həm də İsa gələcəkdə daha yaxşı nəticələr qazanmağa potensiallarının olduğunu sübut etdilər.