“Zirvə”nin cüdoçusu Günel Həsənli dünya çempionatında beşinci yeri tutub!

20-27 sentyabr tarixlərində Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı keçirilib. Azərbaycan idmançılarından ikisi – Hidayət Heydərov bürünc və Uşanqi Kokauri gümüş medala layiq görülüblər.

Sonuncu – səkkizinci yarış günündə isə qarışıq komanda yarışları baş tutub. Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. “Gündoğar ölkə” təmsilçisi finalda Fransadan güclü olub – 4:1. Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar. Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.

Sevindiricidir ki, Azərbaycan millisinin heyətində “Zirvə” İnternational Sport Clubs-ın üzvü Günel Həsənli də olub. Hətəm Əhmədovun yetirməsi sona qədər mübarizə apararaq güləşi ilə müsbət fikir formalaşdırıb. Gənc cüdoçumuz, Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların iştirakçısı olan Günel gələcəkdə böyük uğurlar qazanmaq perspektivinə malik olduğunu sübut edib.

Milli komandamızın görüşlərinin hesabları aşağıdakı kimi olub:

Azərbaycan – Rusiya 1:4

Azərbaycan – Hollandiya – 4:2

Azərbaycan – Yaponiya – 2:4

Azərbaycan – Avstriya – 4:1

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşüblər. Dövlət başçısı çıxış edərək bunları deyib: “Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz”.

Prezident İlham Əliyevin görüşdüyü yığma üzvləri arasında Günel Həsənli də olub.

Sonda xatirə şəkilləri çəkdirilib.

“Zirvə” olaraq cüdoçumuzu dünya çempionatında iştirakı münasibətilə təbrik edir, qarşıdakı yarışlarda da uğurlar qazanmağını arzulayırıq!

SHARE
Şərh yaz