Aprelin 19-24-də Türkiyənin Konya şəhərində 5-ci Ənənəvi “Beynəlxalq Rumi Uşaq İdman Oyunları” keçirilib. Burada yüngül və ağır atletika, dadminton, velosiped idmanı, gimnastika, güləş, karate, taekvondo, şahma və üzgüçülük olmaqla 10 idman növündə 850-dən çox idmançı iştirak edəcəkdir. Yarışlara Almaniya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Gürcüstan, Xorvatiya İran, İspaniya, Qırğızıstan, Şimali Kipr, Kosovo, Macarıstan, Makedoniya, Moldova, Özbəkistan, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə olmaqla 23 ölkə qatılacaq.
Aprelin 21-22-də ağır atletika üzrə yarışlarda Azərbaycan yeniyetmələr komandası da iştirak edib. U-15 qız və oğlan yığmamızdan 8 nəfər körpücük üzərinə çıxıb. Onlardan 6-sı fəxr kürsüyə qalxaraq medal əldə edib. Komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, qadınların komanda hesabında 5-ci, kişilərin komanda hesabında isə 2-ci yeri tutub.
Qızların mübarizəsində “Zirvə” Beynəlxalq İdman Klubunun atletləri Sevər Məhərrəmova və Səbinə Əzimova körpücük üzərinə qalxıb. Sevər 53 kq çəki dərəcəsində 110 kq (50+60) nəticə ilə bürünc medal qazanıb.
Səbinə isə daha yaxşı nəticə göstərib. Toplamda 160 kq (70+90) nəticə göstərən qızımız bütün rəqiblərini üstələyib. Ən yaxın izləyicisindən 7 kq çox çəkini ram edən Əzimova layiqli qələbəni bayram edib.
Oğlanların yarışında da “Zirvəçilər” fərqləniblər. 50 kq çəki dərəcəsində Əliyev Füqan və Hüseynov Elməddin – hər ikisi – 166 kq nəticə göstəriblər. Ancaq Füqan rəqibindən cəmi 6 qram yüngül olduğu üçün gümüş medala sahib çıxıb.
69 kq çəki dərəcəsində klubumuzun daha bir gənc atleti Əlimərdan Alxasov 202 kq (92+110) nəticə ilə ikinci yerə sahib çıxıb.
77 kq çəki dərəcəsində isə “Zirvə”nin digər ağırlıqqaldıranı Almazxan Səfərov fərqlənib. O, 210 kq (95+115) toplam nəticə ilə bürünc medalı boynundan asıb.
Daha iki atlet – Babayev Tamerxan və Şükürlü Mail 4-cü yerə çıxaraq medalın bir addımlığından dönüb.
Azərbaycan yığmasının əldə etdiyi 6 medalın hamısının “Zirvə” idmançıları tərəfindən əldə olunması sevindirici haldır. Həm atletləri, həm də onların məşqçilərini bu uğurlu çıxış münasibətilə təbrik edir, qarşıdakı yarışlarda da zəfərlər arzulayırıq!
Yarışın bütün nəticələri və fotolarla aşağıda tanış ola bilərsiz: