Milli Gimnastika Arenası yola salacağımız ilin gimnastika üzrə sonuncu yarışına 51-ci həftəsində ev sahibliyi edir. 17-19 dekabr tarixlərində təxminən 160 gimnastın iştirak edəcəyi bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi keçirilir. Bakı Gimnastika Məktəbi, “Zirvə”, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksindən olan paytaxt idmançıları ilə yanaşı, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də öz çıxışlarını nümayiş etdirirlər.
Qeyd etdiyimiz kimi, bu mötəbər birincilikdə “Zirvə” Beynəlxalq İdman Klubunun gənc gimnastları da çıxış ediblər. Sevindiricidir ki, ilk gündəcə idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2005-ci il təvəllüdlü balacaların yarışında Bayramova Nərmin bütün rəqiblərini üstələyib. O, alətsiz çıxışda 12,55 xal, halqa ilə çıxışlarda 10,65 xal, topla çıxışda isə 10,85 xal qazanaraq toplamda 34,05 xal toplayıb. “Zirvə” gimnastı digər medalçıları 2, hətta 3 xal qabaqlayaraq gücünə şübhə qoymayıb.
Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparacaq və alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülükdə ən güclü gimnastları müəyyən ediblər.
Elə həmin yaş kateqoriyasına daxil olan bədii gimnastlar yarışların ikinci günü xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyiblər. Fərdi proqramda isə yarışlara 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılıblar. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdiriblər.
Turnirin sonuncu günü 19 dekabr tarixində yeniyetmələr (2000-2002; ip, halqa, top, gürzlər) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyüklər; halqa, top, gürzlər, lent) arasında qaliblər müəyyən olunub.
Bu tarix “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdardır. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlar arası 2-ci Kubok uğrunda mübarizə aparacaqlar.
Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi – Marina Durunda sevindirəcək.
Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa Çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək.
Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.
İlin sonuncu yarışı parlaq Qala-konsertlə yadda qalacaq.