İyunun 12-də Azərbaycan müstəqillik dövrünün ən böyük hadisələrindən birinə şahidlik etdi. Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimi oldu və bu möhtəşəm bayramı bütün dünya bizimlə birgə izlədi. Bu fantastik açılışa planetin bütün nöqtələrindən müsbət rəylər, tərif və təşəkkürlər gəldi.
Bu, böyük idman bayramına Azərbaycan idmanının lider klublarından olan “Zirvə” Beynəlxalq İdman Klubu da yad qalmır. İki yetirməmiz bu Avropa Oyunlarına vəsiqə qazanaraq xalqımızı sevindirmək üçün mübarizə meydanına çıxacaq.
İyunun 22-də, saat 10:00-da, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sambo üzrə yarışlar start götürəcək. “İsmayıllı-Zirvə” İK-nun yetirməsi olan Qurbanova Fəridə Elxan qızı 64 kq çəki dərəcəsində mübarizə aparacaq.
İyunun 27-də isə cüdo yarışlarında Həsənli Günel Çingiz qızı tatami üzərinə çıxacaq. O, saat 12:00-da, 78 kq çəki dərəcəsində fəxri kürsüyə qalxmaq üçün rəqibləriylə üz-üzə gələcək. Günel də “İsmayıllı-Zirvə” İK-nnun yetirməsidir. Hər iki idmançının məşqçisi Şəfərətov Əkbərdir.
İdmançılarımıza uğurlar arzulayır, hər kəsi onlara dəstək olmağa çağırırıq.