“Zirvə” Beynəlxalq İdman Klubuna itki üz verib. Hamımızın sevimlisi, klubumuzun daimi üzvlərindən biri Emin Qurbanov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
1980-ci ildə Lənkəran şəhərində anadan olan Emin müəllim, uşaqlıqdan idmanı sevib, onunla peşəkar şəkildə məşğul olurdu. İxtisasca güləşçi olsa da, güc idman növlərinə meylli olan Qurbanov, pauerliftinqdə böyük uğurlara nail olmağı bacarmışdı. O, dəfələrlə Azərbaycan çempionu, benç-press növündə isə 212 kq-la Azərbaycan rekordunun sahibi idi. Tanınmış tələbələri də olan mütəxəssisin yetirmələri həm daxili, həm də beynəlxalq yarışlarda qələbələr qazanaraq, Azərbaycanın bayrağını yüksəltmiş, ölkəmizi layiqincə təmsil etmişdilər.
Emin Qurbanov “Zirvə” İdman Klubunun ilk günlərindən bizimlə birlikdə olmuş, müxtəlif yarış və tədbirlərimizin təşkilində fəal iştirak etmiş, klubumuzun adının və Lənkəranda idmanın yüksəlməsində xidmətləri olmuşdu.
Lənkəran şəhər Dövlət Universitetinin hərbi və fiziki hazırlıq, gənclərin çağırışaqədərki hazırlıq kafedrasının məzunu olan Emin Qurbanov, ehtiyatda olan zabit kimi ilk günlərdən Vətən müharibəsinə yollanmış, öz borcunu layiqincə yerinə yetirmişdi. 26 oktyabr tarixində Qubadlı rayonunun işğaldan azad olunması əməliyyatı zamanı kəşfiyyat komandiri olan leytenantımız qəhrəmancasına şəhid olmuşdur.
Döyüşçümüzün həlak olması xəbəri bütün cənub regionunu sarsıtmışdı. Dəfnində Lənkəran şəhəri icra hakimiyyətinin başçısı da daxil olmaqla, minlərlə şəxsin iştirak etməsi, dərin hüznü, axıtdıqları göz yaşları Emilin necə sevilən, səmimi insan olmasını göstərirdi.
Onun xatirəsi daima bizimlə yaşayacaq!
Allah rəhmət eləsin!