Bildiyiniz kimi, 17-21 avqust tarixlərində “AAAF Park Yaşayış Kompleksi”nin yeni yarış zalında “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” keçirildi. 10 ölkədən 100-dən çox idmançının qatıldığı bu yarış yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndi.
Avqustun 20-də yarışın təqvim planına əsasən “Zirvə” Beynəlxalq İdman Klubunun ilk geniştərkibli Konqresi keçirildi. Tədbirdə klubumuzun tərkibində olan bütün filialların rəhbərləri və məşqçiləri iştirak etdilər. Bu Konqresin keçirilməsinə əsas məqsəd ilk olaraq tanışlıq, bəzi məsələləri müzakirəsi, gələcək planların açıqlanması, fikir mübadiləsinin aparılması idi.
İclası giriş sözü ilə “Zirvə” BİK-in prezidenti Tofiq Heydərov açdı. O, hamını salamlayaraq burada görməkdən şad olduğunu dilə gətirdi: “Çox şadama ki, bu görüşümüz baş tutdu. Hamınıza gəldiyinizə görə təşəkkür edirəm. Biz, “Zirvə” İdman Klubunun rəhbərliyi olaraq Zirve İnternational Sport Clubs layihəsini yaradarkən məqsədimiz ölkəmizdən xaricə çıxmaq, beynəlxalq səviyyəli yarışlar keçirmək, öz filiallarımızı yaratmaq olub. Şükürlər olsun ki, bu istiqamətdə işlərimiz başlayıb və hər şey qaydasındadır. Arxada qalan iki gündə 8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”nı təşkil etdik. Biz çox çalışdıq ki, bu yarış ən yüksək beynəlxalq səviyyədə alınsın. Qısa müddətdə yeni yarış zalı tikdik, qalma, qidalanmaq üçün xüsusi yerlər hazırlatdıq, nəqliyyat sistemini təmin etdik. Gələcəkdə bundan da yaxşı, bundan da güclü Çempionat keçirmək istəyirik. Bunun üçün çalışmaq lazımdır. Bu Konqresin məqsədi də burdu. Burada bir-birimizi tanımaq, ZİSC-nin növbəti yarışlarının necə və harada keçirilməsi, bunun üçün hansı işlərin görülməli olduğunu müzakirə etmək, fikir mübadiləsi aparmaqdır”.
Daha sonra klubun gələcəyi haqda da danışan prezident bəzi fikirlərini açıqladı: “Bu yarışı Xırdalanda keçirmək səbəbimiz buranın mərkəzi bazamız olmasıdır. Ancaq mən istəyirəm ki, növbəti belə yarışlar klub sıralamasında qalib olan şəhərdə keçirilsin. İldə 6 yarış keçirmək istəyirik. Bunların dördü seçmə mərhələ xarakteri daşıyacaq, Kubok və Final mərhələsinə vəsiqə verəcəkdir. Bu il cəmi bir seçmə yarışımız qalıb. Onu 15-30 oktyabr tarixləri arasında, Lənkəran, Samux, Xırdalan, Jidaçiv, Ankara, Kişinyov, Terespol, Smolyan və digər filiallarımızda keçirmək fikrindəyik. Dekabrın sonundakı Final mərhələsi bu dəfə də hazırkı yarış zalında olacaq. Çünki digər tikililəri tam hazır vəziyyətə gətirmək üçün vaxt tələb olunur. Daha bir qeyd etmək istədiyim məqam, idmançılar yanaşı, əcnəbi hakimlərin də yarışlarda iştirakıdır”.
Tofiq Heydərov “AAAF Park Yaşayış Kompleksi”nin ağır atletlər üçün tikildiyini, burada onlara maksimum şərait yaradıldığını, hətta əksər işçilərin də sabiq ağırlıqqaldıranlar olduğunu da bildirdi. O qeyd etdi ki, bu layihədən klubumuzun filialları olduğu yerlərdə də tikmək, bu ənənəni davam etdirmək kimi planlarımız da vardır.
Digər bir çox məqamlara da toxunan klub prezidentimizin çıxışından sonra, söz zala toplaşanlara verildi. Əksər klub rəhbərləri tribunadan xoş sözlər səsləndirərək, belə yarış və şərait səviyyəsini gözləmədiklərini, bunun onlar üçün xoş sürpriz olduğunu qeyd etdilər. Ağır atletlər üçün belə imkanı yaratdığına görə Tofiq Heydərova xüsusi təşəkkürlər edildi, bu zəhmətin hədər getməməsi üçün əllərindən gələni edəcəklərinə söz verildi.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions