“Zirvə” – İlin ən yaxşı idman klubu seçildi! – FOTOLAR

DSC_3458

Azərbaycan ağır atletikasının şəksiz lideri, qısamüddətli fəaliyyəti dövründə böyük uğurlar qazanmış “Zirvə” İdman Klubu böyük bir mükafata layiq görülüb. “Sportsman” jurnalı klubumuzun 2013-cü ildəki işlərini qiymətləndirərək bizi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində – “İlin ən yaxşı idman klubu” seçib.

Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun yetirmələrinin 2013-cü ildə böyük uğurlar qazanması, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsi bunda böyük rol oynadı. Ötən il beynəlxalq yarışlarda 32 medal (13 qızıl, 7 gümüş və 12 bürünc) qazanıb, üstəlik, 7 dünya və Avropa rekordunu yeniləyən atletlərimiz, ölkədaxili yarışlarda da bütün medalların yarıdan çoxunu əldə ediblər. Görülən işlərimizin nəticəsi olaraq biz Azərbaycanın ən yaxşısı seçildik.

Yanvarın 30-da “Abşeron JW Marriott” otelinin Şərq zalında gözəl bir gecə təşkil olundu. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər-2013” Yüksək İdman Nailiyyətləri Mükafatının bu, növbəti təqdimetmə mərasimində 2013-cü ildə fərqlənmiş idmançılar, məşqçilər, idman xadimləri, mükafatlandırıldı. Tədbiri Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılov açdı. O, ildən-ilə inkişaf edən idmanımız, idmançılarımızın uğurları haqda danışdı, gələcəkdə bizi gözləyən mötəbər yarışlar haqda məlumat verdi.

Daha sonra nominantların mükafatlandırılması mərasiminə keçirildi. İlk olaraq məhz “Zirvə” İdman Klubu səhnəyə dəvət edildi. Simvolikdir ki, klubumuzun vitse-prezidenti Ruslan Xanverdiyevə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı məhz İsmayıl İsmayılov tərəfindən təqdim edildi. Böyük alqışlarla qarşılanan bu təqdimetmə bizləri çox sevindirdi. Tədbirdə klubumuzun baş məşqçisi Hafiz Süleymanov, icraçı direktorumuz Azad Mustafayev və məşqçimiz Rasim Orucov da iştirak edirdi. Mükafatın verildiyi zaman böyük ekranda “Zirvə” İdman Klubunun fəaliyyətinə həsr edilmiş videorolik nümayiş etdirildi. Bir çox mötəbər qonaqların, Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi tədbirdə, “İlin ən yaxşı idman klubu” seçilmək, bu şərəfə nail olmaq çox xoşdur.

Bu münasibətlə klubumuzun bütün üzvlərini təbrik edir, bu nailiyyətin qazanılmasında əməyi keçən hər bir kəsə təşəkkür edirik.

“Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür. Seçim Komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunur.

DSC_3487

DSC_3384

 

 

SHARE
Şərh yaz