Aprelin 19-23-də Türkiyənin Konya şəhərində 6-cı ənənəvi “Beynəlxalq Rumi Uşaq İdman Oyunları” keçirilib. Burada yüngül və ağır atletika, velosiped idmanı, karate və taekvondo olmaqla 5 idman növündə 500-ə yaxın idmançı iştirak edib. Yarışlara Almaniya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Finlandiya, Gürcüstan, Xorvatiya, Şimali Kipr, Kosovo, Latviya, Makedoniya, Özbəkistan, Rumıniya, Serbiya, Slovakiya, Yunanıstan, Ukrayna, Türkiyə və Konya şəhərinin komandası olmaqla 21 ölkə qatılıb.
Aprelin 21-22-də ağır atletika üzrə yarışlar keçirilib. Birinclikdə Azərbaycan yeniyetmələr komandası da iştirak edib. U-15 qız və oğlanlardan “Zirvə” Beynəlxalq İdman Klubunun da 7 üzvü medallar uğrunda mübarizə aparıb. Qızlarda Məhərrəmzadə Sevər, Fərəcova Şəfa, Rzazadə Lalə və Muxtarlı Günel, oğlanlarda isə Heydərov Cavid, Alxasov Əlimərdan və Əliyev Füqan qüvvələrini sınayıblar.
“Konya Gençlik Hizmetleri ve Spor İl Müdürlüğü 100.Yıl Spor Salonu”nda keçirilən ağır atletika yarışlarında 8 ölkədən 25 qız, 48 oğlan idmançı mübarizə qoşulub. Komanda hesabında yığmamız mükafatçılar sırasında yer tutmasa da, ayrı-ayrı çəki dərəcələrində fəxri kürsüdə çox sayda ağırlıqqaldıranımız qələbəni bayram ediblər. Komandamız 1 qızıl və 5 gümüş medal qazanıb. Bunlarda 1 qızıl və 3 gümüşü “Zirvə” atletləri əldə ediblər.
Qızların yarışında 53 kq çəki dərəcəsində Rzazadə Lalə çempion adına layiq görülüb. “Zirvəçi” atlet toplam 133 kq (60+73) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yığma komandamızın yeganə qızıl medalına sahib çıxıb.
58 kq çəki dərəcəsində daha bir “Zirvə” nümayəndəsi Məhərrəmzadə Sevər fərqlənib. O, 130 kq (60+70) nəticə ilə gümüş medal əldə edib.
Kişilərdə “Zirvə” nümayəndəsi Cavid Heydərov 154 kq (69+85) nəticə ilə 50 kq çəki dərəcəsində ikinci yerə çıxıb. 62 kq çəki dərəcəsində isə eyni uğura klubumuzun digər üzvü – Əliyev Füqan nail olub. O, 202 kq nəticə göstərib.
Yığma komandanın heyətində fərqlənən digər iki idmançı isə 69 kq çəki dərəcəsində Tarmenxan Babayev və 77 kq çəki dərəcəsində Mayil Şükürlü olublar. Onlar müvafiq olaraq toplam 220 kq və 243 kq nəticələrlə öz çəkilərində gümüş medal qazanıblar.
Hər il işitrak etdiyimiz və uğur ənənəmizin formalaşdığı bu “Konya Rumi Uşaq Oyunları”nda növbəti dəfə qələbələrlə dönməyimiz xoş xəbərdir. Milli komandamızın gələcəyi olan bu yeniyetmələrimizin hər birinə daha böyük nailiyyətlər qazanmasını arzulayırıq. Əminik ki, belə yarışlar gələcək çempionluqların təməli rolunu oynayacaqdır.
Bir daha təbriklər!