“Zirvə” İdman Klubunun idmançıları güclərini bir daha sübut etdilər

Rumıniyanın paytaxtı Buxarest şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak etmiş idmançılarımız bu gün vətənə qayıdır. Bunlar 62 kq-da Rauf Nəbiyev (AZAL İdman Klubu), 69 kq-da Firudin Quliyev (“Zirvə” İdman Klubu) və Nicat Rəhimov (“Neftçi” İdman Klubu), 77 kq-da Kamran İsmayılov (“Zirvə” İdman Klubu) və 85 kq-da Mirhüseyn Hüseynovdur (“Zirvə” İdman Klubu).

Bildiyiniz kimi, yarışlara ilk olaraq Rauf Nəbiyev qoşulub və cəmdə 239 kq nəticə ilə 9-cu pillədə qərarlaşıb. Daha sonra körpücük üzərinə qalxan Kamran İsmayılov 275 kq nəticə ilə ümumi hesabda 4-cü yeri tutub. “Zirvə” İdman Klubunun yetirməsi olan Firudin Quliyev 69 kq çəki dərəcəsində təkanla qaldırmada 173 kq çəkini qaldıraraq dünya rekordunu yeniləyib. Toplamda 303 kq (130 kq + 173 kq) nəticə göstərən idmançımız ümumi nəticədə bürünc medala yiyələnib. Bu çəkidə daha bir gənc atletimiz Nicat Rəhimov də iştirak edib və toplamda 287 kq nəticə ilə ümumi sıralamada 8-ci yeri tutub. Mübarizəyə qoşulan sonuncu idmançımız isə “Zirvə” İdman Klubunun yetirməsi olan Mirhüseyn Hüseynov olub. O, 85 kq çəki dərəcəsində B qrupunda yarışlara qatılıb və həm birdən, həm də təkanla qaldırmada rəqiblərinin hamısından daha ağır çəkini başı üzərinə qaldıraraq toplamda 295 kq (130 kq+165 kq) ilə ümumi hesabda birinci yerə sahib çıxıb və öz şəxsi nəticəsini xeyli yaxşılaşdırıb.

Milli komandamızın uğurları danılmazdır. Ötən illərlə müqayisədə nəticələrimiz yaxşılaşıb və vaxt ötdükcə, medallarımızın sayı artır. Diqqətçəkən məqam odur ki, “Zirvə” İdman Klubunun yığmamızın qələbələrində böyük payı vardır. Avqustun sonlarında Polşada keçirilən yeniyetmələr arasında Avropa çempionatına klubumuzun üzvlərindən ikisinin aparılmaması, sadəcə biabırçılıq idi. Baş məşqçi Nizami Paşayev absurd və gülməli əsaslar gətirərək müasir Azərbaycan ağır atletikasının gənc lideri Firudin Quliyev və daha bir idmançımız Mirhüseyn Hüseynovu yarışa aparmamışdı. Xüsusilə Firudin Quliyevin Polşaya getməməsi milli komandamızın 69 kq-da medalsız qalmasına gətirib çıxartdı. Rumıniyadakı nəticə ilə bu idmançı bir gümüş və iki qızıl medal qazanacaq və bir də dünya rekordu yeniləyəcəkdi.

Həmin turnirdə milli komandamızın qazandığı 6 qızıl medalın 4-nü də bizim klubun idmançıları qazanmışdı. Bir sözlə, hesab edirik ki, hazırda Azərbaycan ağır atletikasında özünəməxsus yeri olan və güclü idmançılar yetişdirməkdə davam edən “Zirvə” İdman Klubuna qarşı bu cür addımlara son qoyulmalıdır. Çünki bu, bütün ölkə idmanına ziyan vurur. Milli komandamızın baş məşqçisi heyət seçərkən diqqətli olmalı və qazanılan uğurlarımıza obyektiv yanaşmalıdır. Çünki bizim klubumuzun uğurları, həm də ümumilikdə Azərbaycan xalqının uğurlarıdır.

SHARE
Şərh yaz