“Zirvə” İdman Klubunun Azərbaycan ağır atletikasındakı liderliyi davam edir. Ölkə daxilində idmançılarımız bütün yaş qrupları üzrə yarışlarda fəxri kürsünün yüksək pillələrinə qalxaraq güclərini sübut edə bilirlər. Azərbaycanın bir çox bölgələrindəki filiallarımızda yüzlərlə ağırlıqqaldıran gələcəyin çempionları olmaq üçün çalışırlar.
Klub olaraq coğrafiyamızı da genişləndiririk. Bildiyinizi kimi, artıq “Zirvə” İdman Klubu – “Zirvə Beynəlxalq İdman Klubları” layihəsi çərçivəsində Türkiyə, Moldova, Gürcüstanda filiallarını açmışdır. Çox sayda ağır atlet həm öz ölkələri daxilində, həm də beynəlxalq yarışlarda klubumuzun adından çıxış edirlər.
Yaxın müddətdə klubumuzun Ukrayna, Belarus və başqa ölkələrdə filiallarının açılması gözlənilir. Polşadakı nümayəndəliyimizin açılması üzrə işlər isə tam sürətlə davam edir. Dünən paytaxt Varşavaya yollanan klub prezidentimiz Tofiq Heydərov bu istiqamətdə bir sıra görüşlər keçirib.
İlk olaraq Polşa Ağır Atletika Federasiyasının prezidenti Şimon Koletski ilə görüşən prezidentimiz ondan tam dəstək alıb. Koletski bildirib ki, ölkələrində açılacaq “Zirvə” filialı üçün bütün lazımi təşkilati və digər köməyi etməyə hazırdır. Polşa filialımızın rəhbəri Marek Drzevovski və “Terespol-Zirvə” klubunun baş məşqçisi Marek Zelionkanın da qatıldığı səmimi və qarşılıqlı müsbət ünsiyyət ortamında keçən görüşdən sonra Tofiq Heydərov Terespol şəhərinə yola düşüb.
Prezidentimiz bu gün Terespol şəhərinin meri ilə görüşərək onunla birlikdə burada açılacaq filialımızın binasını, ona bitişik olan otel və digər tikililəri gəzəcək. Müvafiq sənədlər imzalandıqdan sonra “Terespol-Zirvə” Klubu uzun müddət ərzində bizim rəhbərliyimiz altına keçəcək. Bu klubun idmançıları müvafiq zona və ölkədaxili yarışlarda iştirak edəcək və nəticələrinə uyğun olaraq klubumuzun kubok və final mərhələsi yarışlarına vəsiqə qazanacaqlar.
Görüşlər haqda yaxın vaxtlarda ətraflı məlumat verəcəyik.