Zülfüqar Süleymanov: “Ən böyük dəstək “Zirvə” klubunun prezidenti Tofiq Heydərov tərəfindən oldu”

zulfsul

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının aparıcı üzvlərindən olan Zülfüqar Süleymanov uzun fasilədən sonra beynəlxalq arenada uğur qazandı. 62 kq çəkidə həmişə medal ümidimiz olan təcrübəli atlet hazırda Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medala layiq görüldü. Süleymanov müsahibəsində qazandığı uğur, medal sevinci və yığmadakı rəqabətdən danışıb.
– 3 illik fasilədən – diskvalifikasiyadan sonra beynəlxalq arenaya çıxdınız. Yarışa hansı hisslərlə qatılmışdız?
– Bakıdan Tiranaya yollananda əsas məqsədimiz medal qazanmaq idi. Mənim 3 illik fasilədən qazandığım mükafat çoxlarını təəccübləndirdi. Lakin Avropa çempionatının üçüncüsü olmaq mənim ücün gözlənilməz olmadı. Hətta ən pis halda, gümüş medalı götürəcəyimə, bunu bacaracağıma inamim vardı.

– Siz artıq buna kimi Avropa çempionatında 2-ci və 3-cü yeri tutmuşduz. Bu dəfə çempionluq üçün nə çatmadı?
– Vaxt deyərdim. 3 illik fasilədən sonra qısa zamanda idmana qayıtdım. Cəmi 3 ay yığmada məşq etdim. Mənə elə gəlir ki, bir qədər vaxt olsaydı, nəticəm daha yaxşı ola bilərdi. Səbəblər çoxdur, amma bu, bizə nəticənin zəif olmasına haqq vermir.

– Sizin çəkinizdə mübarizə aparan və ikinci dəfə Avropa çempionu tituluna yiyələnən Valentin Xristovun çıxışını necə qiymətləndirirsiz?
– Xristov gənc və perspektivli idmançıdır. Onun uşaq yaşlarında idmana başlaması imkan verir ki, yüksək nailiyyətlər əldə etsin.

– 2012-ci ilin dekabrında Bakıda keçirilən beynəlxalq turnirdə də Valentin birinci, siz üçüncü olmuşduz. Necə fikirləşirsiz, 62 kq-da yığmada bir nömrəyə çevrilə biləcəksiz?
– İdman belə bir şeydir ki, heç kim qabaqcadan gələcəkdə nə olacağını deyə bilməz. Sadəcə, təxmin edər. Hazırda yığmanın heyətində məşqlərimi davam etdirirəm və çalışacam ki, hər şey vətənimiz ucun yaxşı olsun, iştirak edəcəyim yarışlarda bayrağımız dalğalansın. Bu, bir azərbaycanlı kimi müqəddəs borcumdur.

– Düşünmürsüz ki 3 illik cəza olmasaydı, Avropa çempionluğunu qazana bilərdiz…
– Bildiyiniz kimi, mən 2009-cu ildə çempionluğun 1 addımlığında idim. Çəkim 50 qram ağır olduğundan türkiyəli idmançı qızıl medala yiyələnmişdi. Hər ikimiz 160 kq ağırlığı başımız üzərinə qaldırmışdıq. Son olaraq, 2009-cu ilin sonlarında məşq zamanı 325 kq nəticə ilə dünya rekordunu yeniləmişdim. Bunlara nəzər yetirdikdə, əlbəttə 3 ildə çox şey itirdim. Əgər yığmada mütəmadi məşqlərimi davam etsəydim, düşünürəm ki, hətta Olimpiadadan da ölkəyə medal gətirərdim.

– Baş məşqçi Zlatan Vanevinin rəhbərliyi altında ilk rəsmi yarışa qatıldınız. Onu əvvəlki məşqçilərdən fərqləndirən cəhət nədir?
– O zamankı baş məşqçinin səhlənkarlığından “yandıq”. Bizə yanlış preparatlar vermişdi. Deyərdim ki, o, karyeramın qatili oldu. Vanev haqqında onu deyə bilərəm ki, hər şey göz qabağındadır. Düzgün məşq proqramı, idmançıya normal münasibət bizi uğura daşıyır. Hər halda, heç kim gözləmirdi ki, uzun müddət sonra mən yenidən medal qazana bilərəm. Bu isə təbii ki, bizim birgə uğurumuzdur.

– Əvvəlki baş məşqçi dedikdə, Yanko Rusevi nəzərdə tutursuz?
– Bəli. 2009-cu ildə Cənubi Koreyada real medal şansımı da onun ucbatından itirdim. Dediyim kimi, məşqdə 2 hərəkətin cəmində 325 kq-ı ram edirdim. O, təəssüf ki, məşqçi kimi yarışda toplamda 280 kq-la başlamağımı istədi və yekunda 5-ci ola bildim.

– Müəyyən müddətdən sonra qazandığın uğurda təbii ki, sizə dəstək olanların da rolu var. Bu bürünc medalı kiməsə həsr etdiyinizmi?
– Əlbəttə. Bu 3 ildə ən böyük dəstək mənə “Zirvə” klubunun prezidenti Tofiq Heydərov tərəfindən oldu. Hər yerdən müavinətlərim kəsildiyi halda yalnız klub məni ruhdan düşməyə qoymadı. Ailəm isə həmişə yanımda oldu və mənə mənəvi cəhətdən dəstək verdi. Bunun üçün də medalımı, uğurumu ailəmə həsr edirəm.

– Artıq Avropa çempionatının arxada qalan 3 günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışıq. Bunu yığmamızın böyük uğuru kimi qiymətləndirmək olarmı və medalların ardının gələcəyinə inanırsızmı?
– Həqiqətən, millimiz çox gözəl çıxış edir və inanıram ki, belə də davam edəcəyik. Fikrimcə, yenə medalımız olacaq. İnşallah, 94 kq çəki dərəcəsində mübarizə aparacaq İntiqam Zairov vətənə qızıl medal gətirəcək.

apasport.az

SHARE
Şərh yaz